top of page
Search

AZƏRBAYCANLI RƏSSAMA YÜKSƏK MÜKAFAT

Updated: Apr 24, 2020


Azərbaycanın Əməkdar rəssamı Sakit Məmmədov opalizm üslubunun əsasını qoyub. Opalda mövcud olan isti rənglər çələngi Sakit Məmmədovun hələ gənclik illərindən böyük rəğbətini qazanıb.


Təsadüfi deyil ki, daşda olan rəng oyununa onun, demək olar, bütün əsərlərində rast gəlinir. Bununla sənətkar göstərmək istəyir ki, heç bir rəssam Tanrının təbiətə bəxş etdiyi rənglərdən savayı yeni bir çalar icad edə bilməz. Sevindirici haldır ki, onun əsasını qoyduğu opalizm məktəbini istedadlı tələbələri davam etdirirlər.


Sakit Məmmədovun əsərləri məşhur adamların şəxsi kolleksiyalarında, Vatikan muzeyində, “Opera” qalereyasında (Sinqapur), Bakıda Müasir İncəsənət Muzeyində, Azərbaycan Milli İncəsənət Muzeyində saxlanılır. Onun işləri dünyanın bir çox nüfuzlu qalereyalarında nümayiş etdirilir. Sakit Məmmədov ABŞ, Almaniya, Fransa, İtaliya, Türkiyə, Belçika, Rusiya, Çexiya, İsveç, Polşa, Avstriya, Macarıstan və digər ölkələrdə keçirilən sərgilərdə iştirak edib.

Prezident İlham Əliyev məhz onun əsərini – Roma Papası II İohann Pavelin portretini Azərbaycanın adından Vatikana hədiyyə edib. Böyük Britaniya Kraliçası II Elizabetin 90 illik yubileyi qeyd olunarkən Sakit Məmmədov “Cıdır düzü” əsərini Vindzor qəsrində kraliçaya təqdim edib.


İncəsənət sahəsində onun böyük uğurlarının etirafı olaraq Vatikan Zadəgan Heraldika Akademiyası Sakit Məmmədova qeyd olunan titulun verilməsi haqqında qərar qəbul edib, Avropa Təbiət Elmləri Akademiyası isə rəssamı Konrad Adenauer yubiley medalı və diplomu, alman rəssamı Albrext Dürer medalı və diplomu ilə mükafatlandırıb.

M.Mükərrəmoğlu, “Xalq qəzeti”



5 views0 comments
bottom of page