SAKİT MƏMMƏDOVUN “HEYDƏR ƏLİYEV” PORTRETİ
- Admin
- May 6, 2018
- 2 min read
Updated: Apr 29, 2020
Xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə mayın 7-də Bakıda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Ulu Öndərin Azərbaycanın Əməkdar Rəssamı Sakit Məmmədov tərəfindən çəkilən portretinin təqdimatı olub. Azərbaycanın Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov tədbirdə çıxış edərək bildirib ki, ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı xidmətlərinin miqyası çox böyükdür. Xalqımız hər zaman onun xatirəsini uca tutur, hər an onu xatırlayır. Əlbəttə, bu gün ölkəmizin hər bir yerində Ulu Öndərin nişanələri görünür. Biz Ümummilli Lideri təkcə doğum günü ərəfəsində xatırlamırıq, onun əziz xatirəsi hər zaman qəlbimizdə yaşayır.
Hər il Ulu Öndərin doğum günü ərəfəsində Yeni Azərbaycan Partiyası tərəfindən bu cür ənənəvi tədbirlərin keçirildiyini xatırladan Baş nazirin müavini bugünkü tədbirin forma etibarilə fərqləndiyini vurğulayıb. Əli Əhmədov ölkəmizin qazandığı hər bir uğurun təməlində Ulu Öndərin əsasını qoyduğu siyasətin dayandığını bildirib. O deyib ki, Azərbaycan bu gün ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi yolla irəliləyir. “Ulu Öndərin 95 illik yubileyi ərəfəsində qeyd edə bilərik ki, bu 95 ilin 75 ili xalqa xidmətlə keçib. Çünki Heydər Əliyev dünyasını dəyişəndən sonra da onun ideyaları, əsasını qoyduğu ənənələr, müəyyənləşdirdiyi siyasət Azərbaycan xalqına xidmət edir”, - deyə Baş nazirin müavini vurğulayıb.
Diqqətə çatdırılıb ki, Azərbaycan vətəndaşları Ümummilli Liderə məhəbbətlərini müxtəlif formalarda ifadə edirlər. Azərbaycan gəncləri Heydər Əliyev ideologiyasını, onun müəyyənləşdirdiyi yolu mənimsəməklə Ulu Öndərin xatirəsinə öz hörmət və ehtiramlarını ifadə edirlər. Sənət adamları, yaradıcı insanlar Ulu Öndərlə bağlı sənət əsərləri, tablolar yaratmaqla Heydər Əliyev şəxsiyyətinə öz hörmət və ehtiramlarını ifadə edirlər. Azərbaycanın çox görkəmli sənətkarlarından olan rəssam Sakit Məmmədov tərəfindən yaradılan bu portret ulu öndər Heydər Əliyevin müdrüklüyünü, qüdrətini özündə ifadə edir.
Sonra portretin üzərindəki örtük götürülüb.
Çıxış edən Əməkdar Memar, Dövlət mükafatı laureatı Rasim Əliyev bildirib ki, Ulu Öndər xalqımız qarşısındakı misilsiz xidmətləri, xilaskarlıq missiyası ilə Azərbaycan tarixinə öz adını qızıl hərflərlə yazıb. Ümummilli Liderlə bağlı xatirələrini bölüşən Rasim Əliyev bildirib ki, Heydər Əliyev hələ gənc yaşlarından elmə böyük marağı ilə diqqət çəkən vətənpərvər bir insan idi. Çəkdiyi “Heydər Əliyev” portreti münasibətilə Sakit Məmmədovu təbrik edən Rasim Əliyev deyib: “Bu əsərdə rəssam ulu öndər Heydər Əliyevin daxili aləmini çox böyük ustalıqla ifadə edə bilib. Əsərdə Sakit Məmmədov Azərbaycan xalqının xilaskarını, dövlətimizin qurucusunu çox böyük məharətlə təsvir edib. Bu, tarixi əsərdir. Xalqımız bu əsəri daim qoruyacaq”.
Daha sonra sənətkarlıq üzrə fəlsəfə doktoru Sevil Kərimova çıxış edərək təqdim olunan portretin rəssam Sakit Məmmədovun yaradıcılıq nailiyyətlərinin parlaq zirvəsi olduğunu vurğulayıb. Kompozisiyanın məntiqi və nəzəri mərkəzi olan ümummilli lider Heydər Əliyevin obrazı əsərin daxili əhval-ruhiyyəsini müəyyən edir. Rəssam əsərdə Ulu Öndərin xüsusi ruh yüksəkliyi ilə aram və rahat vəziyyətdə oturuşunu təsvir edib. Bu rahatlıq və əminlik onun böyük tarixi və fərdi missiyasının parlaq nəticəsidir. Ümummilli Liderin müdrik baxışı əsərin mühitinə və tamaşaçısına daxili nikbinlik və qürur bəxş edir. Rəssam Sakit Məmmədov onun hazırladığı əsərə verilən yüksək qiymətə görə təşəkkürünü bildirib.
Comments