Sənətkarın rənglər dünyası
- Admin
- Aug 31, 2018
- 4 min read
Sakit Məmmədov – 60

Rənglərlə möcüzələr yaratmaq olamış. Möcüzə deyilmi, sərgidə üzüm salxımı təsvir olunmuş natürmortu quşların necə dimdiklədiklərinin şahidi olmuşam. Geniş mənzərə əsərləri, yaxud döyüş səhnələrini canlandıran rəsmlər. Bunlara baxanda adam rəssamların sənətinə, sözün əsl mənasında, həsəd aparır. Bizim Azərbaycan rəssamları arasında belə möcüzələr yaradan sənətkarlar çoxdur.
Mən onların adlarını sadalaya bilərəm. Amma buna ehtiyac da yoxdu. Bu yazıda onlardann biri – bu il 60 illik yubileyiniqeyd etdiyimiz Xalq rəssamı Sakit Qulam oğlu Məmmədovun yaradıcılığına nəzər salacağıq.
O, 1958-ci ildə Neftçala rayonunda dünyaya göz açıb. Uşaqlığında tez-tez Kürün sahillərinə gəlib, onun sakit axansularını seyr etməkdən həzz alardı. Sonralar uşaq hafizəsində mökəmlənən bu mənzərələr onun peyzajlarının əsas mövzusunaçevrilmişdir. O, rəssam olmaq istəyirdi. Bu arzu onu 1978-ci illərdə Ə.Əzimzadə adına Rəssamıq Məktəbinə, 1981-ci ildə isəİ.E.Repin adına Leninqrad (Sankt-Peterburq) Rəssamlıq Akademiyasına gətirdi.
İstedad, doğrudan da, qaynar bulaq kimidir. Onun qarşısını kəsmək mümkün olmur. Sakit Məmmədov da seçdiyisənətində uğurlar qazanacağına əmin idi. Yaradıcılığının ilk dövründə müxtəlif mövzular üzərində işləyirdi. Məsələn, müxtəlifillərdə yaratdığı “Xatirə şəkli”, “Məşq”, “Falabaxanlar”, “Toy”, “Metro”, “13 nömrəli avtobus”, “Həvəskar”, “Emalatxana” , “Xatirə şəkil” , “Leninqrad xatirələri” , “Yaşasın İstanbul” , “Adəm və Həvva” kimi əsərləri onun sənətə böyük yaradıcıpotensialla gəldiyini subut edirdi. Bu əsərlərdə işıq görünürdü. Bu işıq onun sonrakı yaradıcılığında, düyaya açılan yolundadaha da parladı. “Oyun”, “Səhnəyə hazırlıq”, “Əbədiyyə doğru”, “Bayram”, “Ad günü”, “Günaydın”, “Mən indi gəlirəm”, “Mən yorulmuşam”, “Yatmış mələk”, “Xatirələr” və s. kimi əsərləri onun yaradıcı dünyasının işığında həyat tapmışdır.
Sizi bilmirəm, mən bu əsərlərə tamaşa etməkdən doymuram. Hərdən bunun sirrini aydınlaşdırmağa çalışıram. Özlüyümdəqət edirəm ki, bunlar istedadın möcüzəsidir. Sakit bu əsərlərə öz qəlbini, ürəyini verib, onları ruhla yaradıb. Həm də hər birəsərində onun qəlbinin döyüntülərini hiss edirsən.
Qadın incə məxluqdur. Qadın mövzusu bütün rəssamların yaradıcılığında mühüm xətt təşkil edir. Sakit isə bu mövzuyaehtiyatla yanaşır. İncə məxluqların portretlərində də incə duyğular və hisslər yaşamalıdır. Rəssam bunları yaxşı bildiyindənbu mövzuda xüsusi diqqətlə işləyir. “Alma ağacının altında” (2008), “Qara qız” (2009), “İstirahət” (2010), “Aktrisa” (2012), “Güzgü qarşısında” (2013), “Küsəyən” (2015), “Qulaq asan” (2015) əsərlərində qadın gözəlliyini rənglərin minbir çalarları iləelə ehtiyatla işləyib ki, orada hər kiçik element gözəlliyə, ülviliyə xidmət edir.
Sakit Məmmədov rəngkardır. O, mənzərə janrında daha məharətlə işləyir və yaratdığı tablolarda həyat, hətta olduğundanda gözəldir. Mən bu mənzərələri seyr edəndə elə bil rahatlaşıram. Rənglər adamı sanki ovsunlayır. “Altıağac” (2003), “Səhər” (2007), “Çinarlar” (2008), “Neftçala” (2009), “Kəndimiz” (2010), “Moskva” (2010), “Bahar” (2012), “Quba” (2012), “Bazar” (2014) kimi əsərləri nümunə göstərə bilərik.
Sakit Məmmədovun yaradıcılığında portret janrı xüsusi yer tutur. “Aynur” (1988), “Atamın portreti” (1988), “Bağban” (1998), “Roma papasının portreti” (2004), “Nərgiz” (2010), “Turan” (2011), “Lala” (2012), “Rəssam” (2012), “Şahzadə” (2013) və digər portretləri öz orijinal üslubu ilə diqqəti çəkir. Qrafik əsərlərindən “Gənc aktrisa” (2000), “Balerinalar” (2007), “Rəqs” (2011) rəsmlərini də qeyd etmək olar.
Onun əsərlərinə tamaşa edərkən düşünməmək mümkün deyil. Bu rəsmlər ilk baxışdan insanı cəlb edir və onlara təkrarbaxmaq istəyirsən. Rəssam sənətsevərləri əsərlərindəki obrazların emosional daxili aləminin əks etdirdiyi hisslərlə ovsunlayır.S. Məmmədov işıq, rəng dəyərlərinə əhəmiyyət verərək, onlardan son dərəcə balanslı istifadə edir, ani təəssüratlarıdəyərləndirir və bunları palitrasında ölümsüzləşdirməkdən zövq alır.
Bu gün Sakit müvəffəqiyyətli işləri ilə dünyaya səs salmışdır. Bu, rəssamın rəng bilgisi və rəngarəng palitrasındanustalıqla istifadə etməsinin nəticəsidir. Əsərlərində, əsasən, canlı və parlaq koloritin üstünlüyünü seçən rəssam onların bir-biriilə uyğunluğunun, tonlar arasında əlaqə, münasibət və harmoniyasının əhəmiyyətli olduğunu qeyd edir. Bu parlaq rənglər“Mən də ordayam”, “Səhnə arxası”, “Klounlar” kimi əsərlərdə fırça zərbələrinin məharətlə və ustalıqla işlənməsi ilə həyatqazanır.
Sakit Məmmədova görə, rəssam ideal əsər yarada bilməz. O, deyir : “ İdeallıq yalnız Allaha məxsus bir məfhumdur. Yalnız Uca Tanrı bizi əhatə edən hər bir strukturu mükəmməl şəkildə yaradıb. Sadəcə olaraq, biz gördüklərimizi hiss vəduyğularımıza əsaslanaraq əyani şəkildə əks etdiririk. Sözsüz, ən böyük rəssam Tanrıdır. Opal daşına nəzər yetirdikdəistənilən hər bir rəngi, çaları və tonları görmək olar. Sadəcə olaraq, Allahın bəxş etdiyi varlıqları və yaradılanları görməyibacararaq təxəyyül vasitəsilə kətan səthində əks etdirmək olur”.
O qeyd edir ki, dünyaca məşhur olan Leonardo da Vinçi, Rembrandt, Salvador Dali və digər sənətkarların kəşf etdiklərini heç də ilk dəfə onlar yaratmayıblar. Biz rəssamlar fırçalarla yaratdığımız rənglər ilk olaraq təbiətdə yaranıb. Bir də deyir ki, rəssamlıq elə dünyadır ki, həm zövq veriir və həm də kədərləndirir. Rəssam daha çox xoşbəxtliyi və gözəlliyi təsvir etməyə çalışır. Buna səbəb kimi isə öz əsərləri ilə insanlara müsbət enerji ötürmək, eyni zamanda, onları öz problemlərindən müəyyən vaxt çərçivəsində uzaqlaşdırmaq istəyir. Rəssam üçün xoşbəxtlik əsasən bayram günlərini və dünyanın ən qiymətli cəvahiri sayılan qadınları təsvir etməkdir.
Sakit Məmmədov yaşadığımız dünyada olan müharibələr, dini və irqi ayrı-seçkilik, məzlumların zalimlər tərəfindən əzilməsi və digər bunlar kimi insan ruhunu sıxan və yaradıcı insanlara mənəvi əzab verən problemləri daim düşünür. Bütünbunları nəzərə alaraq dünyamızı qırmızı və qara rəngdə görən rəssam ağ rəngin qalib olmasını və qanın, dəhşətin hakimolduğu yerlərdə sülh və əmin-amanlığın bərqərar olmasını istəyir. Bunun üçün də öz fırçasını, tablolarını və rənglərinidünyada olan haqsızlıqlara qarşı olan müharibədə silah kimi istifadə edir.
Sakit Məmmədov UNESCO Rəssamlar İttifaqının üzvü, Rusiya İmperator Rəssamlar Akademiyasının akademiki, “Minilliyin Adamı”, Avropanın “Şərəf” ordeni, İtaliyanın “Leonardo da Vinçi” ordeni, Avropa Təbiət Elmlər Akademiyasının həqiqi üzvü, Portuqaliya Festivalında “Vera birinciliyi” mükafatı, Beynəlxalq Vera mükafatı, Çingiz Aytmatov adına Beynəlxalq mükafat, Beynəlxalq Vətən Övladı və Dədə Qorqud mükafatları və s. mükafatlara layiq görülüb.
Sakit Məmmədov yaradıcılığının müdriklik dövrünü yaşayır. O, bu gün də yeni-yeni əsərlər yaradır. Bu əsərlərlə oxalqımızın mənəvi dünyasını daha da zənginləşdirir.
M.MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2018.- 1 sentyabr.- S.6.
Comments