top of page
Search

“Mİn İlİn adamı” – Sakİt Məmmədov

  • Writer: Admin
    Admin
  • Sep 22, 2018
  • 2 min read

Sakit Məmmədov 1958-ci il avqust ayının 5-də Neftçala şəhərində anadan olmuşdur. 1978-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini fərqlənmə ilə bitirmişdir. 1978-1980 ci illərdə hərbi xidmətdə olmuşdur. 1981-ci ildə İlya Repin adına Leninqrad Rəssamlıq Akademiyasının rəngkarlıq fakultəsinə daxil olmuş, 1987-ci ildə oranı adəti olaraq fərqlənmə ilə bitirmişdir. Sakit Məmmədov 30 ildən çoxdur ki bədii yaradıcılıq fəalliyyəti ilə məşğuldur və dünyanın ən mötəbər sərgi salonlarında,qalereyalarında keçirilən sərgilərin iştirakçısı olmuşdur. O 1988-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Sakit Məmmədov 80-ci illərdə formalaşan istedadlı rəssamlar nəslinin parlaq nümayəndəsidir. Rus və Türk dillərini bilir. Ailəlidir, 3 övladı, 3 nəvəsi var. Övladları Nizar Məmmədov, Cəsar Məmmədov və Aynur Məmmədova da rəssamlıq fəalliyəti ilə məşğuldurlar.


Azərbaycan rəssamlıq sənətinin görkəmli nümayəndələrindən biri olan Sakit Məmmədovun rəsmləri bu gün dünyanın məşhur muzeylərinin, qalereyalarının, habelə hərraclarda kolleksionerlərin məmnuniyyətlə əldə etmək istədikləri əsərlər sırasındadır. Sənətkar o zaman xoşbəxtdir ki, onun yaradıcılığı elə sağlığındaca layiqli qiymətini alır. Xoşbəxtliyi arzulamaq yox əldə etmək lazımdır. Bu mənada Sakit Məmmədovun sənətinə qibtə etmək olar. Sakit Məmmədovun yaradıcılığına bələd olanlar bilirlər ki, o, çox zaman qəhrəmanların libaslarını da öz fantaziyası ilə «geyindirir». Bu rəsmdəki geyimlərdə isə bizə tanış olan dəbi görürük. Qeyd edək ki, rəssamın bəzi tematik rəsmlərini konkret bir məkana, zamana aid etmək qeyri-mümkündür. Belə əsərlərdə rəssam sanki öz dünyasının zamanını göstərmək istəyir.


Azərbaycanın əməkdar rəssamı Sakit Məmmədov dünya mədəniyyətinə və rəssamlığına verdiyi töhfələrə görə “Min ilin adamı” medalına layiq görülüb. S.Məmmədov açıqlamasında bildirib ki, medalın təqdimetmə mərasimi fevralın 9-da Moskvadakı P.Çaykovski adına konsert salonunda baş tutub. Azərbaycanlı rəssamın bioqrafiyası Rusiya Federasiyası Prezident Aparatının, Federasiya Şurasının, Dövlət Dumasının, BMT-nin İnformasiya Mərkəzinin və UNESCO-nun dəstəyi ilə çıxan “Bizim minilin adamları” ensiklopediyasına daxil edilib. Ensiklopediyanın da təqdimat mərasimi eyni məkanda gerçəkləşib.


Qeyd edək ki, “Min ilin adamı” medalına Rusiyanın prezidenti Vladimir Putin, Moskvanın və Rusiyanın mərhum patriarxı II Aleksi və bir çox tanınmış şəxsiyyətlər layiq görülüb. Bundan başqa, Sakit Məmmədov Malta Ordeninin Beynəlxalq Cəngavər-Kavalerlər İttifaqının Zabit xaçı ilə mükafatlandırılıb. Sakit Məmmədov dünya mədəniyyətinə və incəsənətinə müstəsna töhfəsinə görə mayın 29-da Dünya Rəssamlıq Akademiyasının həqiqi üzvü də seçilib.


Sənətkarımız "Dünya mədəniyyətinə verdiyi töhfəyə görə" mükafatına layiq görülüb. Təqdimetmə mərasimində Dünya Rəssamlıq Akademiyasının prezidenti Anatoli Şilov Sakit Məmmədova diplom və qızıl medal təqdim edib.



 
 
 

Comments


bottom of page