Search

Dövlət başçısının sərəncamları ilə təltif olunan sənət adamları mükafatlandırıldı


Sentyabrın 19-da Muzey Mərkəzində Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Azərbaycan mədəniyyətinin və incəsənətinin inkişafındakı xidmətlərinə görə təltif olunmuş mədəniyyət xadimlərinin mükafatlandırılması mərasimi keçirildi.


Mərasimdə çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev ölkəmizdə mədəniyyət və incəsənət sahələrində xidmətləri olan şəxslərə dövlət qayğısından danışdı.

Bildirdi ki, yaradıcı əməyin dövlət səviyyəsində qiymətləndirilməsi ənənəsinin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir: “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ərəfəsində dövlət başçısı tərəfindən bir sıra mədəniyyət xadimlərinin mükafatlandırılması onların əməyinin daim diqqətdə olmasına işarədir. Verilən hər bir mükafatın arxasında sənət adamlarının fədakar əməyi dayanır. Dövlətimiz hər zaman mədəniyyətin inkişafına xüsusi diqqət ayırıb və incəsənət sahəsində çalışan insanların fəxri adla təltif edilməsi ənənə halına çevrilib”.

Nazir diqqətə çatdırdı ki, 1996-cı ildə fəxri adların verilməsi ilə bağlı məsələ müzakirə edilərkən ulu öndər deyirdi ki, sənət adamlarına fəxri adın verilməsi o qədər maddi əhəmiyyət kəsb etməsə də, yaradıcı insanların cəmiyyətdə mövqeyində mühüm amildir. Çünki incəsənət xadimləri cəmiyyətin mədəni dünyasının zənginləşməsində, təfəkkürün formalaşmasında əməyi olan şəxslərdir. Bu gün yaradıcı insanlara fəxri adlarla bərabər müxtəlif orden və medallar, təqaüd və mükafatlar verilir. Bütün bunlar sənət adamlarının əməyinə, həm də mədəniyyətimizə göstərilən diqqətdir.


Əbülfəs Qarayev vurğuladı ki, ölkəmizdə bu gün çoxsaylı beynəlxalq tədbirlər reallaşır və bu tədbirlər bir daha Azərbaycan mədəniyyətinin zənginliyini ehtiva edir. Musiqi sənətimiz dünya səviyyəsində tanınır, təbliğ olunur. Bütün bunlar dövlət başçısının və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu sahəyə olan qayğısı sayəsində mümkün olub. Hazırda Azərbaycanın bir sıra mədəni irs nümunəsi UNESCO-nun müxtəlif siyahılarına daxil edilib.

Nazir dedi: “Bu gün təqdimatda iştirak edən mədəniyyət xadimlərimizin sırasında musiqi, kino, rəssamlıq, muzey və digər sahələri əhatə edən şəxslər iştirak edir. Hesab edirəm ki, bu müxtəliflik ondan xəbər verir ki, Azərbaycan mədəniyyəti kompleks şəkildə inkişafdadır. Bu səbəbdən də bütün sənət adamları adından ölkə rəhbərliyinə bu diqqət və qayğıya görə təşəkkür edirik. Mədəniyyətin inkişafı fərdlərin fəaliyyətindən asılıdır. İnanıram ki, bu sahədə çalışan hər bir şəxs bundan sonra da böyük həvəs və vicdanla mədəniyyətimizə töhfələrini verəcək”.


Daha sonra mükafatlar sahiblərinə təqdim edildi.


Xalq artistləri Oqtay Mirqasımov və Rasim Balayevə “Şərəf” ordeni, Əməkdar incəsənət xadimi, rejissor Rafiq Quliyev, professor Məhərrəm Qasımlı, Xalq rəssamı Natiq Əliyev və Xalq artisti Ramiz Əzizbəyliyə “Şöhrət” ordeni təqdim edildi. Əməkdar incəsənət xadimi Cəmil Quliyevə isə “Vətənə xidmətə görə” 3-cü dərəcəli ordeni təqdim olundu.

Mükafata layiq görülənlər çıxışlarında ölkə rəhbərliyinə yaradıcılıqlarına göstərilən diqqət və qayğıya görə təşəkkür etdilər.


Xalq artisti adına layiq görülən Abduləhəd Mahmudov, xalq rəssamları fəxri adı ilə təltif edilən Arif Əzizov, Sakit Məmmədov milli-mənəvi dəyərlərə verdikləri qiymətə görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını ifadə etdilər. Vurğulandı ki, mədəniyyətimizi yaşadıb inkişaf etdirən insanların əməyinə verilən qiymət mədəniyyət və incəsənətimizin sabaha daha inamla addımlamasına təkan verən məqamdır.


Sonda nazir Əbülfəs Qarayev mədəniyyət xadimlərinin yaradıcı əməyinin qiymətləndirilməsi ilə yanaşı, bu sahəyə aid dövlət proqramlarının qəbul edilməsi, qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı məsələlərin uğurla davam etdirildiyini və bu sahənin daim dövlətin və ictimaiyyətin diqqətində olduğunu vurğuladı, ölkəmizin tərəqqisi və mədəniyyətimizin təbliğində mədəniyyət və incəsənət xadimlərinə uğurlar arzuladı.


Source

0 views0 comments